7 il müharibədə olmuş xanım jurnalistin dəhşətli hekayəti

Gülbəniz Arifqızı: “Vəziyyət cəhənnəmi xatırladırdı…. Amma Bakıya şəkillər çəkdirib göndərirdim ki, məndən nigaran olmayın, kefim əladır”

Lent. az “Dünyaya pəncərə” adlı yeni rubrikaya start verir. Bu rubrika altında xaricdə yaşayan soydaşlarımız, habelə Avropa və Amerikada çalışan azərbaycanlı jurnalistlərimizin həyat hekayətindən, oradakı fəaliyyətlərindən, azəri diasporunun işində iştirakçılıq imkanlarından və nəhayət, Azərbaycan haqqında düşüncələrindən danışacağıq.

Rubrikamızın ilk qonağı Kaliforniyada nəşr olunan “Azərbaycan qadınlarının səsi” dərgisinin rəhbəri, Amerika-Azərbaycan Qadınlar Cəmiyyətinin sədri Gülbəniz Arifqızıdır. Gülbəniz xanım çox yaxın keçmişədək jurnalistlik fəaliyyətini Azərbaycanın özündə keçirib. O, birinci Qarabağ müharibəsi dövründə ön cəbhədə döyüşçülərlə birlikdə səngərdə dayanıb.

Müsahibimiz öncə özünün həyat hekayətindən, okeanın o tayına necə gedib çıxmağından danışdı:

– Amerikaya gəlişim, orda yaşamam haqqında kitab yazmağa başlamışam. Odur ki, bəzi məlumatları kitabdan əvvəl yaymaq istəmirəm. Amma onu deyim ki, Amerikaya Azərbaycan televiziya proqramı yaratmaq üçün dəvət olunmuşam. O vaxt bütün yol xərcimi mətbuat xidmətinin rəisi kimi çalışdığım “Azərenerji” Səhmdar Cəmiyyəti ödəyib. Həyatımın 7 ilini müharibədə keçirdim, çox stresslər ağrılar yaşadım. “Azərenerji”nin o vaxtı prezidenti Müslüm İmanov bütün bunları bildiyindən həmişə mənin zəhmətimi dəyərləndirirdi. 1997-ci il fevralın 16-da Kaliforniyaya gəldim və mart ayının 22-də Şimali Azərbaycandan ilk dəfə mən yeganə olaraq Los-Ancelesdə AzTV proqramı hazırlayıb yayımladım. Ona qədər heç zaman Şimali Azərbaycandan proqram hazırlanmamışdı. Təkcə bizdən 1 ay öncə Əğnami adlı cənublu soydaşımız bir proqram başlamışdı. Məndə bütün sənədlər, TV ilə müqavilələr var. Bu kanal Los-Ancelesdə 18-ci Beynəlxalq Kanal olduğu üçün buna 6 milyon tamaşaçı baxırdı. O cümlədən San-Diaqo, San-Fransisko və Los-Anceles. Bilirsiniz ki, orda belə bir proqram qoymaq özü də böyük risk tələb edirdi. Çünki orda erməni diasporu çox güclüdür. Hətta proqram gedə-gedə mənə bir erməni zəng edib hədə-qorxu gəldi, “Çıx get mənim ölkəmdən” demişdi. Lakin Azərbaycan diasporu zəif olduğundan və bizim dövlətdə kömək olunmadığından proqram dayandı.

– Belə bir vəziyyətdə necə oldu ki, orada qalmağa qərar verdiniz?

– Xoşbəxtlikdən mən ora getdikdən 3 gün sonra Təbrizli bir azəri xanımı – Rəziyyə Hüseyni və Zəncanlı Banu xanımla tanış oldum. Necə aylar onlarda yaşadım. Mənə öz qızları kimi baxırdılar. Amma yenə çox çətin idi. Anladım ki, istədiyim vaxt bilet alıb Bakıya qayıda bilərəm, amma istədiyim vaxt Amerikaya geri gələ bilmərəm. Bir də mən təbiəti və isti havanı çox sevərəm. Kaliforniyada isə həmişə isti və təbiəti gözəl olan ölkədir. Bir də Azərbaycanda qoyub gəldiyim, artıq çəkə bilmədiyim dərdlər vardı. Bir az o mühitdən uzaqlaşmaq, özümü ala almaq istəyirdim. Amma yenə də cətin idi. Dil bilmirəm, kimsəm yox, müharibədən çıxıb gəlmiş adam… Qarabağda ev-eşiyimizi itirmişdim, nə dövlət yardımı, nə də ata-ana pulu vardı. Proqram dayandıqdan sonra 2-ci müharibə həyatım başladı. Sonra çətinliklə mənə bir amerikalı uşağa baxmaq işi tapıldı. Keti ailə qurmamışdı. Amma atılmış Şanel adlı bir körpəni övladlığa götürmüşdü. Onda Şanelin 4 yaşı vardı. Elə ilk gündən mənə çox alışdı. Çünki iş icazəm olmadığından iş tapmaq da çətin idi. Tale elə gətirdi ki, mən ailə quranda o mənim gül qızlarımdan biri oldu, yoluma gül səpdi. Mən həftədə 6 gün, haradasa 7 ay bu uşağa baxdım. Bazar günləri isə ya Rəziyyə xanım, ya da Banu xanım gəlib məni evlərinə aparar, gecə də gətirib qoyardılar. Gecə-gündüz ağlayırdım. Sonra bir çörək sexində işlədim. Pulumu yığıb, özümə maşın aldım. 1 il yenə həftədə 7 gün hər gecə evdən saat 3-də çıxıb gedirdim, xəmir hazırlayır, kündələyir, bişirir, bişəndən sonra onu satmağa kömək edərdim və yalnız axşam saat 11-də, 12-nin yarısında evə gəlirdim. Sutkada 3 saat yatardım. Bəzən qazancım bütün gün ərzində 20 dollar olardı. Ayaqlarım daha bədənimi saxlamırdı. İsti yay günlərində damarlarım şişməsin deyə, xüsusi rezin corablar geyər, isti sobanın yanında olardım. Bu vəziyyət cəhənnəmi xatırladırdı. Sonra böyük bir mağazaya işə düzəldim. Beləliklə, yavaş-yavaş Kaliforniyaya alışdım. Amma Bakıya bir şəkillər çəkdirib göndərərdim ki, məndən nigaran olmayın, kefim əladır. Sonra anam Amerikaya gəlib bunları yanımdakı dostlarımdan eşidəndə ağlayırdı.

– Jurnalistikaya gəlişiniz haradan başladı?

– Mən ixtisasca mühəndisəm. Amma jurnalistikanı çox sevərdim. Tale elə gətirdi mən mühəndis olsam da, 1990-cı ildən ömrümü mətbuata bağladım. 7 il cəbhə həyatım, 2 sənədli kitabım. Elə ilk dəfə Los-Ancelesdə TV proqramını yaradanda da çox sevinmişdim. Çünki bu çox ağır bir iş olsa da məsuliyyətli idi. Bir dövləti tanıtmaq üçün orada mətbuat, radio, televiziya proqramları yaratmaq çox vacibdir. Təəssüf ki, Azərbaycan nə sovetlərdən ayrıldığı kasıb zamanında, nə də indi dövləti başından aşdığı zamanda bu işlər görülmədi. Bu gün nə güclü televiziya proqramlarımız, nə də qəzet və jurnallarımız var. Təkcə “Azerbaijan İnternational” jurnalından başqa. Mən də o vaxt burda rejissorluq kursunu bitirdim. Amma təəssüf ki, proqram getmədiyindən bu diplomum da bir yanda durur. Sonra öz mühəndis işimə aid iş tapdım.

– Dediniz ki, həyatinizin 7 ilini müharibədə keçirdiniz. Cəbhə xəttinin hansı ərazilərində olmusunuz? Xanım jurnalist üçün ön cəbhədə olmaq nə dərəcədə çətindir?

– Mən 7 il “Ədalət”, “Ordu”, “Hünər” qəzetlərində işləmişəm. 1989-cu ildən Meydan hərəkatında iştirak etdim, 90-cı illərdən ta 97-ci ilədək qəzetlərdə çalışmışam. İndi elə hərbi jurnalistlər çıxıb ki, onlar o zaman heç Hacıqabuldan o tərəfə keçmirdilər. Biz gedənlər isə unudulduq. Mən çox dəhşətlər gördüm. Müharibədə qardaşım Adil kəşfiyyatçı, bacımın yoldaşı Səməd ön xətdə həkim, bir qardaşım Azər isə qvardiyada daim bölgədə idi. O vaxtkı “Azərbaycan”, “Azərbaycan gəncləri”, “Bakı”, “Baku” – bir sözlə, bütün qəzetlərdə mənim cəbhədən gətirdiyim yazılara rast gələ bilərsiniz. Çünki yazılarım çox olardı. Amma müharibədə gərək yazılar vaxtında gedəydi, çünki hər gün vəziyyət dəyişilirdi. Məndə gətirdiyim yazıları bütün qəzetlərə hissə-hissə verərdim. Elə birinci kitabım da cəbhə yazılarımdan ibarətdir. Radionun “Ön cəbhəyə doğru”, “Ana” proqramlarında daim əsgərlərlə ailələri arasında əlaqə yaratmışam. Yəqin bunlar radionun fondunda saxlanılır. Çoxu mənim Bakıdakı arxivimdə var. Bu gün nə qədər həyatda olan və dünyasını dəyişənlərin səsi yazılmış kasetlərim var. Ağdam, Fizuli, Qubadlı, Cəbrayıl, Xocavənd, Beyləqan və digər bölgələrdə olmuşam. Müharibə ilə bağlı iki kitabım – “Müharibənin yolları ürəyimdən keçir” (2006) və “Əsirlikdə qalan kəndim” (2008) çıxıb. İkinci kitabım Azərbaycanın tarixi, mədəniyyəti, adət və ənənələri ilə başlayıb, müharibə ilə qurtarır. Bu kitabı əslində amerikalılar ucun yazmışam. İndi onun tərcüməsi ilə məşğulam. Qismət olsa, Amerikada çıxarmalıyam. Bir sözlə, etnoqrafik bir kitabdır. İlk kitab Azərbaycan Respublika Qadınlar Cəmiyyətinin Təşəbbüsü ilə Yaponiyanın sülhməramlı səfiri, “Qızıl qələm” mükafatı və Almaniyada Nizami adına Ədəbiyyat İnstitutunun keçirdiyi Qarabağ müharibəsində cəbhə yazılarına görə müsabiqədə 2-ci yerə çıxıb, diploma layiq görülüb.

– Deyəsən, Amerikada ailə qurmusunuz. Şərq qadını Amerikanın ailə mədəniyyətinə uyğunlaşa bilirmi?

– Xaricdə yaşayanların qismətini özləri yazmır. Heç başqa millətlə ailə qurmaq fikrim olmayıb. Ancaq qürbətdə tək yaşamaq da dəhşətdir. Bəli, mən burada ailə qurmuşam, yoldaşım amerikalıdır. Onunla 2000-ci ildə Amerikada tanış olduq və nişanlandıq. Tərəddüd içərisindəydim, düz iki dəfə nişanı qaytardım. 2003-də qısa müddətə Bakıya gəldim, bəlkə kimisə xoşlayıb ailə quram, ürəyimə yatan olmadı. Görünür, qismət beləymiş. Bir il sonra, 2004-cü ildə evləndik. 2005-ci ildə, 44 yaşımda oğlum Dəniz dünyaya gəldi. Maşallah, od-alov kimidir, gecələr də “Şuşanın dağları” mahnısı ilə yatır. Yoldaşımın Azərbaycan haqqında çox böyük məlumatı var. Sakit və nəcib insandır, Amerikada tanınmış bir nəsildəndir. 2008-ci ildə mənimlə Bakıda oldu, insanlarımızı çox bəyəndi. Kitablarımın hər ikisinin sponsoru o olub. Əlbəttə, şərq qadınının Amerikanın ailə mədəniyyətinə uyğunlaşması bir qədər çətindir. Amma qürbətdə tək yaşamaq da çox ağır və çətindir. Dedim axı, həyatım neçə kitabların mövzusudur. Ömür vəfa edərsə, yazacağam.

– Amerikada nə vaxtdan ictimai fəaliyyətə başladınız?

– Mən elə Amerikaya gələndən daimi azərbaycanlıların qəzetlərində çıxışlar etdim. Sadəcə son vaxtlar başım kitablarıma və ailəmə qarışdığından bir az mətbuatda az-az görünürəm. Bir də o qədər yalançı vətənpərvərlər peyda olub ki, indi zaman onlarındır.

– Amerika-Azərbaycan Qadınlar Cəmiyyətini kimlər və necə yaratdı?

– Mən çoxdandır bir cəmiyyət yaratmaq istəyirdim. Amma buna imkan olmurdu. Sonra özüm bu ölkədə çox çətinlik çəkdiyimdən siyasi olmayan bir qadın cəmiyyəti yaratmaq fikrinə düşdüm. Məqsədimiz Azərbaycan qadınlarını tanıtmaq, eyni zamanda burda bir-birimizlə əlaqə yaratmaq idi. Sonradan bu ideyama Amerikada təhsil almış 2 qızımız – Fəridə Buyuran və Natella İsazadə qoşuldu. Hər ikisi bacarıqlı və vətənpərvər qızlardır. Beləliklə, yavaş-yavaş hərəkət etməyə başladıq.

– Amerika və Avropadakı Azərbaycan diaspor təşkilatları birləşə biliblərmi, onları həmrəy hesab etmək olarmı?

– Məncə, yox. Bu gün Azərbaycanda diaspora təşkilatı kökündən dəyişməlidir. Bilirsiniz, üzdə olan diaspora cəmiyyətlərinin aparıcılarının çoxu pul dalınca qaçanlardır. 50 ildir yaranmışıq deyən təşkilatlardan soruşun, Azərbaycan haqqında 5 kitab tərcümə edib yayıblarmı? Axı boş seminarların, iclasların kimə nə faydası? Bir televiziya proqramı hazırlayıblarmı bu Amerikada? Qəribədir, bu təşkilatlar yeni yarananlardan hesab sorurlar. Heç bunlardan hesab soran yoxdur ki, bəs siz nə etmisiniz? Gözlə, biz də 50 il olaq, sonra hesab sor. Bu gün “Xocalı!” deyib küçəyə tökülürlərsə, sabah görürsən ermənilərlə işbirliyindədirlər. Bir Qarabağlı kimi, bu teatr oyunlarından iyrəndim desəm, təəccüblənməyin. Pulu kim çox versə, ona tərəfdirlər. Unutmayın, əsil Azərbaycan üçün çalışanlar hamısı kənardadır onlar təkbaşına mübarizə aparırlar. İndi dövlətin pulunu xərcləyənlər özlərinə bahalı maşınlar alır, böyük ofislər acırlar. Kim gedir o ofislərə? Bəziləri də bu vəsaiti dəyərləndirib özlərinə biznes açırlar.

– Xaricdəki erməni diaspor təşkilatlarının, erməni lobbiçiliyinin gücü nədədir?

– Birliklərində, informasiya vasitələrinin geniş olmasında, mətbuatlarının müntəzəm yayılmasında. Aldıqları və verdikləri bütün pulları televiziya və ya jurnallar vasitəsilə hamıya bildirmələrində. Bizdə isə heç vaxt belə şəffaflıq olmayıb. Odur ki, belə də gedəcək. Mən müharibədə olanda erməni əsirlərlə söhbət edirdim, deyirdilər ki, biz müharibəyə getməsək, özümüzünkü bizi arxadan vurur. İndi bizim arxadan vurulacaq satqınlarımız çoxdur, onlar varkən vətən azad olmaz.

– Amerikadan Azərbaycan necə görünür?

– Sizə bir gülməli fakt danışım. 7-8 il öncə Baklıdan bir nəfər qələm sahibi Kaliforniyaya gəlmişdi. Gələndən mehmanxanadan kənara çıxmamışdı. Gedib onunla görüşəndə sözgəlişi “Buraları necə gördün?” – deyə, soruşdum. Ovuclarını birgə acıb “Amerikanı ovcumun içi kimi gördüm və tanıdım” dedi. Mənə yalnız acı təbəssümlə gülümsəməkdən başqa bir şey qalmadı.
Əgər məndən soruşursunuzsa, deyirəm: Amerikadan Azərbaycan heç görünmür. İnanmırsınız, istənilən bir televiziya jurnalisti gəlsin, kamera ilə onunla 10 gün gəzək, mikrofonu uzadaq amerikalılara və soraq Azərbaycanı. Heç çoxu bilmir o nədir…

– “Azərbaycan Qadınlarının səsi” dərgisi necə yarandı? Dərginin məqsəd və məramları nədən ibarətdir?

– Bu yenə də üçümüzün ideyası oldu. Bilirsiniz, kişilərə nisbətən qadınlar bu ölkədə daha çox məşğuldurlar. Tədbirlərə baxanda görərsiniz ki, onların çoxu subaylardır, gənc tələbələrdi. O tədbirlərə beş təşkilat yığılanda 50-60 nəfər ancaq gələ bilir. Biz belə qərara gəldik ki, belə bir dərgi hazırlayaq. Məqsədimiz Azərbaycan qadınlarını tanıtmaq, Azərbaycan haqqında məlumat vermək, burda yaşayanlara müəyyən çətinliyi olarsa, kömək etməkdən ibarətdir. Biz heç bir yerdən maliyyə dəstəyi, hətta üzvlərimizdən belə üzvlük haqqı almırıq. Əlbəttə, əgər imkan olarsa, ayda bunu genişləndirib jurnal şəkilində etmək olar. Yalnız yaratdığımız www.aawausa.org vebsaytında və müxtəlif qruplar vasitəsilə yaya bilirik. 2008-ci ilin dekabrında ilk nömrəmiz çıxdı, artıq 6-cı nömrəni hazırlayırıq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO