28 May – Respublika günü Kanadada qeyd olunub

Mayın 25-də Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi tərəfindən Kanadanın paytaxtı Ottava şəhərində “Fairmont” mehmanxanasında “28 May – Respublika günü” münasibətilə təntənəli ziyafət təşkil edib.

Tədbirdə Kanadanın sabiq Baş naziri Jan Kretyen (Jean Chretien), Kanada Parlamenti İcmalar Palatasının üzvləri, senatorlar, Kanada Xarici İşlər, Ticarət və İnkişaf Departamentinin yüksək vəzifəli rəsmiləri, digər dövlət qurumlarının təmsilçiləri, Ottavada akkreditə olunmuş diplomatik korpus nümayəndələri, eləcə də Ottava və Monreal şəhərlərində yaşayan Azərbaycan icması iştirak ediblər.

Ziyafətdə açılış nitqi ilə çıxış edən Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Respublika gününün tarixçəsi barədə iştirakçıları məlumatlandırmış, 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik ənənələrini bərpa etdiyini vurğulamışdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində ilk parlamentli respublika olduğunu və qadınlara səsvermə hüququnu bir sıra qərb demokratiyalarından daha əvvəl tanıdığını söyləmişdir. Cümhuriyyətin süqutundan sonra qurulan Sovet hakimiyyətinin 70 il davam etməsinə baxmayaraq, Azərbaycan xalqında müstəqillik arzusunu məhv edə bilmədiyi və 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi qeyd edilmişdir. Müstəqilliyin ilk illərində qonşusunun təcavüzü və iqtisadiyyatın çökməsi kimi problemlərlə üzləşən Azərbaycanın çətin bir inkişaf yolu keçdiyi, lakin ölkə rəhbərliyinin bütün bu problemlərə baxmayaraq, ölkəmizi müasir dövrün ən sürətlə inkişaf edən ölkələrindən birinə çevirməyə müvəffəq olduğu vurğulanmışdır. R.Hüseynli, həmçinin Azərbaycan-Kanada ikitərəfli münasibətlərinə toxunaraq, ölkəmizin bu münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu və bu məqsədlə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırmışdır.

Daha sonra Kanada Parlamenti İcmalar Palatası spikerinin müavini və Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Bari Devolin (Barry Devolin) çıxış etmişdir. O, çıxışında Azərbaycana səfərlərinə toxunaraq, son belə səfəri bu ilin may ayında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak üçün etdiyini bildirmişdir. O, həmin Forumda dünyanın müxtəlif ölkələri və dini təriqətlərinin nümayəndələrinin yer aldığını söyləyərək, Azərbaycanın mədəniyyətlər və sivizilizasiyaların qovşağında yerləşən ölkə olaraq, bu kimi tədbirin keçirilməsi üçün tam uyğun məkan olduğunu vurğulamışdır. O, Azərbaycanı Kanada üçün önəmli tərəfdaş adlandırmış və Azərbaycan xalqını və dövlətini Respublika günü münasibətilə təbrik etmişdir.

Tədbir zamanı, həmçinin “İrs” jurnalları və bu ilin iyununda Bakıda keçiriləcək Avropa oyunlarını təbliğ edən məlumat kitabçaları qonaqlara paylanılmışdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO