Sorğu

Dövlət Qarabağ Tarixi Muzeyi haqqında məlumatlısınızmı?

View Results

Loading ... Loading ...

Xəbərlər arxivi

February 2012
M T W T F S S
« Jan   Mar »
 12345
6789101112
13141516171819
20212223242526
272829  

Partnyorlarımız

Səni axtarıram – atılmışlar…

İtirilmişlərin, itmişlərin, atılmışların axtarışı… Müxtəlif talelərin mövzusu üzərində qurulmuş maraqlı verilişdi “Səni axtarıram”. Son illərin ən baxımlı verilişi adına çox iddialılar olsa da, reallıqda bəlkə də ən gərəkli verilişlərin sırasında əvvəlinci yerlərdən birinə sahiblənib “Səni axtarıram”. Bəlkə ATV kanalını da şou-kanal imicindən xilas edə biləcək bu veriliş, bəlkə də yox…
İctimai baxımdan bütün qayğıları əhatə edə bilməsə də, hər halda, İTV-nin “Ortaq məxrəc”i, “Səhər sovqatı”ı kimi spesifik sanbalına görə seçilən verilişlər sırasında öz yerini möhkəmlədə bilib “Səni axtarıram”. Təbii ki, qəzet jurnalistikasından yaxşı tanıdığımız Xoşqədəm xanım Hidayətqızının təqdimatında.

Heç şübhəsiz ki, “Səni axtarıram”ın korşalmaqda olan milli-mənəvi dəyərlərimizin təbliği baxımından böyük əhəmiyyəti və geniş tamaşaçı auditoriyası var. Veriliş tam real faktlar üzərində qurulduğundan onu əksər verilişlərdəki bayağı, şit bəzək-düzəyə boyayıb təqdim etməyə lüzum qalmır.

Bəs reallıqda baş verənlər… İnsanın körpə övladına – ciyərparasına vəhşi münasibəti, doğmalarına etinasızlığı. İstəyirdim bu sıraya Vətəninə ögey münasibəti ifadəsini də əlavə edəm. Ancaq övladına belə yanaşandan Vətən sevgisi umduğuma görə oxucuların məni qınayacağından ehtiyat elədim.

…Bu yazını yazmaq həm də Azərbaycanımızın unudulmaz, klassik şairi Bəxtiyar Vahabzadənin anım günlərində xəyalımdan keçdi. Ustad şairin “Atılmışlar” poemasının səhnələşdirilmiş variantını xatırladım. Körpəsini atan gənc ana obrazını xalq artisti Firəngiz xanım Mütəllimova canlandırırdı. Körpəsini atmağa qərar vermiş ana onu gətirib bir küncdə yerləşdirirdi. Psixoloji baxımdan bu hissəyə qədər hazır olan ana həmin prosesi “uğurla” yekunlaşdırırdı da. Bir qədər – saatlar keçəndən sonra həmin psixoz hazırlaşmanın istisi keçir və anallıq hissinin güc gəldiyi, bəlkə də baş qaldırdığı məqamda o, hövlnak balasını atdığı məkana üz tutur. Bura qədər onun keçirdiyi hisslər bir qədər sakitdi. Yəqin ümidli olmağına görə. Körpəsini yerində tapa bilməyəndə isə… Bu hissləri yazmaqda qələm çox aciz görünür.

Həyatın qəribə qanunauyğunluqları var. Xöşqədəm xanımın tapdığı canlı obrazların əksəriyyəti ölkədə bir televiziya kanalı olan həmin vaxtı göstərilən ekran əsərinin yayımlandığı illərdə övladlarını atanlardı sanki. Çünki bu kədərli anların hər birinin ən azı 30-40 yaşı var…

…Yaranmışların ən alisi, yer üzünün əşrəfi, mənim çox sevdiyim biologiya elminin təbirincə ən ali və həm də şüurlu canlı olan insan günahsız insanı, yox belə tam ehtiva eləmək olmur, qanından, genindən doğulan, bədəninin bir parçası kimi dünyaya gələn və ya dünyaya gətirdiyi körpəni necə atıb üzünü çevirib gedə bilər. Mən bu “əməlin” fəlsəfəsinə aid çoxlu misallar gətirə bilərəm. Ancaq gətirməyəcəyəm. Çünki nəticənin dəyişməyəcəyinə inanıram. Əgər belə olmasaydı, Xoşqədəm xanımın verilişi yayımlanan bu günlərdə yenidən atılmış körpələri efirdən seyr edə bilməzdik. Özü də birini yox, dalbadal bir neçəsini. Ona görə də bu faktı yuxarıda xatırladığım biologiya elmində təsnifatına görə insandan çox-çox sonra yer verilən digər canlılar – məsələn elə həyətlərdə saxlanılan inəyin öz ciyərparasına münasibəti ilə yüngülcə bir müqayisə etmək istəyirəm. Yalan uydurmağı xoşlamıram. Mən şəxsən görməmişəm, amma eşitmişəm. Kənd adamları bunu bilirlər. Doğuş zamanı balası tələf olmuş inəyin balasının meyitinin dərisini soyub içinə saman təpirlər. O dəri nə qədər çürüməyib – bu vaxt saxlanmasından asılı olaraq üç ay da, beş ay da, bəlkə bir il də çəkə bilər – həmin müddət ərzində balasının dərisini görmək üçün inək hər gün naxırdan yüyürə-yüyürə gəlir, balasının dərisini hər gün heç olmazsa iyləyə bilmək üçün sahibinə süd verir… Bizim müasirimiz olan ali varlıq dediyimiz insansa körpəsini küçədə daşların, binaların blokunun qarşısında betonun üstünə qoyaraq etinasız və ya etinalı şəkildə (bunun bir o qədər də fərqi yoxdur) ərazidən uzaqlaşır.

Bu sıraya eləcə də körpələr evinə uşaq verib, illərlə onun ölüsü-dirisi ilə maraqlanmayanları, övladını səfalət içərisində qoyub Rusiyanın şəhərlərində kef-damaq içində yaşayanları və ya elə həmin məkanda səfil həyat sürüb öləndə üfunəti ətrafı götürüb yoluxucu xəstəliklər yaratmasın deyə kimsəsiz qəbristanlığında basdırılanları (dəfn olunanları yox…) da aid edə bilərik. Onların acınacaqlı sonu isə şübhəsiz ki, tarixin ibrət dərsləri sırasında özünə yer tutacaq. İbrətə çevriləcəkmi…

…Xoşqədəm xanımın axtarıb tapdıqları hərəsi bir taledi, hərəsi irili-xırdalı bir yazının mövzusudu. Ancaq burada bir məqamı xüsusi vurğulamaya bilməyəcəyəm. Bu Kiyevdən verilişə məktub yazmış, adı Nikoya dəyişdirilmiş on üç yaşlı Ceyhunun illər öncə öldürülmüş, meyiti Azərbaycana – Lənkərana göndərilmiş atasının doğmalarını axtarması faktıdır. Bu təkcə axtarış-tapıntı məsələsi deyildi. Təsəvvür edin ki, uşağın adını dəyişdiriblər, ona kimliyini unutdurmaq üçün bütün vasitələrdən istifadə ediblər, hətta onu kilsəyə ibadətə aparmaq, xristian kimi formalaşdırmaq cəhdləri olub, amma şüuraltı daşıyıcıları onun bütün bunlardan imtinası ilə nəticələnib. Əgər Ceyhun nə vaxtsa, lap bir yaşında da Azərbaycanı, Lənkəranı, onun varlığından belə xəbərsiz olan doğmalarından kimisə görsəydi və ya bu axtarışlara 25-26-30 yaşlarında çıxsaydı, mən bu fakta görə belə təəccüblənməz və ya indi sizin də hiss etdiyiniz kimi qürur hissi keçirməz, hədsiz sevinməzdim. Bu faktın arxasında milləti, xalqı yaşatmış, yaşadacaq, bizləri pessimistlikdən qurtaracaq bir vacib nüans – təltəlşüurun xilaskar obrazı canlanırdı. İstər-istəməz tərəzinin digər gözünə Azərbaycanda azərbaycanlı doğulub, böyüyüb, evlənib, nəhatət ailəsini, övladını, doğmalarını, Vətənini buraxıb indi kim üçün, nə üçün yaşadığını belə bilməyən, xoş günündə hansı xalqa, hansı dinə mənsub olduğunun fərqinə belə varmayan, səfilləşəndən sonra bu sadaladığlarımız üçün guya burnunun ucu göynədiyini söyləyənlərin hamısını qoyursan. Tərəzinin hansı gözü ağırdır?!..

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO