Sorğu

Dövlət Qarabağ Tarixi Muzeyi haqqında məlumatlısınızmı?

View Results

Loading ... Loading ...

Xəbərlər arxivi

February 2012
M T W T F S S
« Jan   Mar »
 12345
6789101112
13141516171819
20212223242526
272829  

Partnyorlarımız

Gəncliyin Qarabağ yaddaşı

Səhərimizi Qarabağla açırıq. Gah erməni snayperinə tuş gəlmiş itkilərimizdən danışır, gah da rəsmilərin hansısa açıqlamasını eşidir, müzakirə edirik. Avropalılardan da biri gəlir, o biri gedir… Əcnəbi qonaqlarımız hava limanında ölkəmizin ərazi bütövlüyünü tanısalar da, öz ölkələrinə qayıdan kimi burdan tanıdıqlarını orda tanıya bilmirlər. Bəlkə də, heç avropalılara Qarabağ lazım deyil. Hamının olduğu kimi onların da öz dərdləri var. Ümumiyyətlə elə bil, bəşəriyyətin mayası dərdlə yoğrulub. Sadəcə, bizə elə gəlir ki, bir dərdli xalq elə özümüzük. Amma böyük dövlətlərin də böyük dərdləri olduğunu qulaqardına vururuq. Bu gün hətta Avropa birliyinin varlığı belə sual altındadır. Avrozona yaradandan bəri başları heç açılmır. Birləşib Yunanıstanı tənəzzüldən çıxara bilmirlər. Yəqin, bacarmırlar ona görə?! Bəlkə də, amma ola bilər dəyişikliklərə hazır deyillər. Karl Marksın sözü olmasın bu gün Avropada həqiqətən “qara kabus dolaşmaqdadır”. Biz isə görün kimlərdən-qara günə düşənlərdən nəsə umuruq. Və inanmaq istəyirik ki, “ixtisaslı” avropalı siyasətçilərinin vasitəçiliyi bizə xeyir verəcək. Özümüz öz yalanımıza az qala inanırıq. İnanmayıb nə edə bilərik ki?! Əlimizdən gələn ancaq ümidimizi üzməməkdi.

Xatirələrdə yaşatmaq istəyirik Qarabağı. Arzularımızın tezliklə çin olmasını arzulayırıq. Hər gün sanki Qarabağa gedib-gəlirik. Burada şəraitimizin necə olmasından asılı olmayaraq, hər birimizin dilində bir söz səslənir: “Aləm cənnətə dönsə də yaddan çıxmaz Qarabağ”. Hələki (?!) Xocalısız, Şuşasız və Kəlbəcərsiz böyüyən gəncin 20 yaşı tamam olur. Çox sakitliklə İrəvanı, Göyçəni, Zəngəzuru itirmişik vaxtı ilə. Daha nə İrəvanda, nə Zəngəzurda, nə də Göyçədə azərbaycanlı doğulmur. İndi də başqa bir ərazimizi itirmək TƏHLÜKƏSİ ilə üzləşmişik. Zəngəzuru, Göyçəni və onlarca digər yaşayış məntəqələrini nə de-fakto, nə də de-yure qaytara bilmərik. Bu artıq gecdir. Keçmiş SSRİ-nin ölkəmizə qarşı törətdiyi ən böyük faciə elə bunda idi. Proseslər arasında fərq ondadır ki, indi müstəqilik. Müstəqilliyimizin də 20 illiyini qeyd etdik. İyirmi yaşlı AZƏRBAYCAN vətəndaşı artıq əsgəri xidmətini də başa vurub, qayıdıb. Müstəqil dövlətin əsas atributu isə onun ərazi bütövlüyüdür. Deməli, BÜTÖVLÜYÜMÜZÜN uğrunda hamımız bütün gücümüzü səfərbər etməliyik… Bu gün bir il altı ay gedib, hərbi qulluq keçib, geri qayıtmaqla, Vətən borcundan çıxmaq olmaz.

Maraqlı görünən məqamlardan biri də, itirdiyimiz şəhər və kəndlərin adının onlarca xidmət obyektinə verməyimizdi. Birinə Şuşa deyirik, birinə Xanbağı, o birinə isə Xankəndi. Amma bu sırada heç Ağdamın adına rast gəlməzsən. Sanki nədənsə, ehtiyat edirik bu adı çəkməyə?!. Amma ötən əsrin 80-ci illərində indiki Dilarə Əliyeva küçəsi ilə Azadlıq prospektinin kəsişməsində “Ağdam” adında xırda da olsa dükan var idi. Kənd təsərrüfatı məhsulları satılardı orada. İndi həmin yerdə şirniyyat dükanı yerləşir. Bu yolla yaşatmaq istəyirik Qarabağı. Bu da bir arzudur. Qəbul ediləndir. Amma başkəndimizdə bundan başqa Qarabağı xatırladan heç nə yoxdu. Müharibə vəziyyəti desək də paytaxtda müharibə şəraitini əks etdirən sosial reklama belə rast gələ bilməzsən. Sanki özümüz də dərk etmədən şüurlardan silmək istəyirik Qarabağı… Telekanallarda bu qədər şou-əyləncədən danışırıqsa, ciddi verilişlər gözə az-az dəyirsə, sabah şouya qulaq asan gəncə Qarabağ lazım olmayacaq. Dəhşətlisi də onda olacaq ki, gənclərdən Xankəndi haqqında soruşduqda onların gözləri önündə ilk olaraq qədim yaşayış məntəqəsi deyil, məhz kafe və ya restoran canlansın…

Bəlkə də düşdüyümüz vəziyyət özündən razı avropalılara daha çox sərf edir…

Ağdamın Xıdırlı kəndinin ərazisində olan bulaqlardan birinin adı “Çömçəli” adlanırdı. Bir gün kəndin tərifli bulaqlarını gəzmək qərarına gəldim. “Çömçəli” bulağı görəndə isə gözümə inanmadım. Təxminən bir metrlik məsafədən damcı-damcı tökülən su sal daşın üzərində çömçə fiqurunu yaratmışdı. Hər halda bu bir-iki günün işi deyildi. Uzun illərin nəticəsi idi…
Qədim dövrlərdə Şərqdə də ölümə məhkum edilmiş şəxsin başı üzərinə su damcısı tökərdilər. Nə qədər iradəli insan olsa da bir həftədən artıq dözmürdü. Mənən sınmaqla yanaşı, həm də fiziki cəhətdən məhv olurdu.
İdeoloji işdə belədir. Atılan hər addım beyinlərdə iz qoyur, nə vaxtsa yatmış vulkan kimi oyanır və özünü göstərir. Deməli, belə həssas mövzulara diqqətli olmalı, hamının eyni hədəfə vurması üçün vahid strategiyaya uyğun hərəkət etməli, yorulmadan çalışmalıyıq. Biz bu sahədə hələ çox geridəyik. Bizim qarşımızda böyük bir vəzifə durur. 100 ildə görülməyən işin öhdəsindən gəlməli və yalnız irəliyə doğru addımlamalıyıq.

Beləliklə, Azərbaycanı tanımalı və tanıtmalıyıq. Erməni işğalı altında olan iyirmi faiz ərazimizdə otuz-otuz beş faizlik maddi mədəni irsimizə də biganə qalmamalıyıq. Bu gün iki əsas strateji xəttin biri məhz Qarabağla bağlı olmalıdır. 70-ci illərdə Qarabağın tanıdılması və inkişafı ilə bağlı atılan ciddi addımların dəyərini çox gec hiss etdik. 60-cı illərin sonlarında erməni vətəndaşlarımızın ixtişaşa cəhdinin qarşısının ustalıqla alınmasını, Şuşanın həmin illərdə inkişaf strategiyasının hazırlanmasını, qədim şəhərə 1977-ci ildə “Qoruq şəhər” statusunun verilməsini, Xankəndiyə azərbaycanlıların dolayısı ilə cəlb edilməsi üçün yeni səhiyyə və təhsil ocaqlarının və dəmiryol xəttinin açılmasının hansı məqsədlə edildiyini indi başa düşürük.

Deməli, bizim hər birimiz çalışdığımız sahədə ötüb keçənlərin, “yola verdiyimiz günlərin” hər saatını belə təhlil etməklə nəticə çıxarmalı, mövcud dəyərlərimizin, habelə işğal altında olan maddi-mədəni irsimizin dərindən öyrənilməsinə çalışmalıyıq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO