2010-cu il diffamasiya ili elan edilib

“Mətbuat Şurası 2010-cu ili diffamasiya ili elan edir. Ümid edirik ki, bu il diffamasiya haqqında qanun qəbul olunacaq və Cinayət Məcəlləsinin böhtanla bağlı maddəsinə dəyişiklik ediləcək». Bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov yanvarın 27-də 2009-cu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

“Turan” agentliyinin məlumatına görə, Ə.Amaşov bildirib ki, Mətbuat Şurası bu il həbsdə olan jurnalistlərin azadlığa çıxacağına ümid edir: “Nə qədər ki, həbsxanalarda jurnalistlər saxlanılır, biz onların azadlığı uğrunda çalışacağıq”.

Mətbuat konfransında 2009-cu ildə Mətbuat Şurasının gördüyü işlərə nəzər salınıb, media-cəmiyyət, media-hökumət münasibətləri diqqətdə olub, şikayətlərə baxılması, “reket jurnalistikası”na qarşı mübarizə barədə açıqlamalar verilib.

2009-cu ildə Mətbuat Şurasına 489 müraciət daxil olub. Şikayətlərin 176-sı vətəndaşlardan, 167-si dövlət təşkilatlarından, 61-i özəl qurumlardan, 45-i ictimai təşkilatlardan, 29-u bələdiyyə orqanlarından, 11-i siyasi partiyalardan daxil olub. 267 müraciət həllini tapıb. 222 müraciət isə araşdırılır. Müraciətlərin 195-i paytaxt Bakıdan edilib.

İl ərzində Mətbuat Şurası 94 mətbu orqanı “reket nəşr” elan edib.

Mətbuat konfransında Mətbuat Şurası İdarə Heyətinin üzvü, deputat Aqil Abbas “Diffamasiya haqqında” qanunun qəbuluna qarşı çıxış edib. Onun fikrincə, hazırda belə bir qanunun qəbulu cəmiyyətdə qarşıdurma riskini artıra bilər.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO