“2009-cu ilin QHT layihəsi”

“2009-cu ilin QHT layihəsi” və “2009-cu ildə QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV” müsabiqələrinin qalibləri elan edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi “2009-cu ilin QHT layihəsi” və “2009-cu ildə QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV” müsabiqələrinin qaliblərini mükafatlandırlıb. SİA-nın məlumatına görə, “2009-cu ilin QHT layihəsi” nominasiyası üzrə birinci yerin qalibi Humanitar Tədqiqatlar Cəmiyyətinin “Dağlıq Qarabağ həqiqətlərini yaymaq məqsədilə internet bloq və informasiya strategiyasının hazırlanması” layihəsi olub.

Bu nominasiya üzrə növbəti yerləri “SOS” Uşaq Kəndləri Assosiasiyasının “Dövlət uşaq qayğı müəssisələrini tərk edən gənclər üçün resurs mərkəzinin yaradılması” və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının “Hüquqşünasın kitabxanası: hüquq-mühafizə orqanları əməkdaşları üçün məlumat kitablarının nəşri” layihələri tutub.

“2009-cu ildə QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV” müsabiqəsində televiziyalar arasında birinci yerin qalibi İctimai Televiziya və Radio Yayımları Şirkəti olub. Bu sırada növbəti yerləri Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, ANS Müstəqil Media və Yayım Şirkəti, “Azad Azərbaycan” Teleradio Şirkəti və “Lider” Televiziya Şirkəti olub.

“2009-cu ildə QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV” müsabiqəsinin “2009-cu ildə QHT fəaliyyətini ən yaxşı işıqlandıran informasiya agentliyi və sayt” nominasiyasında qaliblər “Azeri-Press Agentliyi (APA), “Mediaforum” saytı, “1News” İnformasiya Agentliyi, “Lent.az” İnformasiya Portalı, “Səs” İnformasiya Agentliyi olublar. “2009-cu ildə QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV” müsabiqəsinin “2009-cu ildə QHT fəaliyyətini ən yaxşı işıqlandıran qəzet” nominasiyası üzrə qaliblər “Şərq” qəzeti “525-ci qəzet” və “Bakı xəbər” qəzetləri olub.

“2009-cu ildə QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV” müsabiqəsində fəal iştirak edən edən jurnalistlərdən “Yeni Musavat” qəzetinin müxbiri Nailə Rövşənqızı, “Mərkəz” qəzetinin müxbiri Zülfüyyə Quliyeva, “Bizim yol” qəzetinin müxbiri Nemət Hüseynli və “Azadlıq” qəzetinin Gültəkin Knyazqızı şuranın diplom və mükafatlarlarına layiq görülüblər.

Mərasimdə çıxış edən Azay Quliyev qalibləri müəyyənləşdirərkən 2009-cu ildə maliyyələşdirdikləri 450 qeyri-hökumət təşkilatının layihəsinin monitorinqini apardıqlarını və bu layihələrin cəmiyyətə təsirini qiymətləndirdiklərini deyib.

Şura sədri ikinci müsabiqə qaliblərinin müəyyənləşdirilməsi zamanı mətbuat-QHT əlaqələrinin monitorinqini apardıqlarını və qeyri-hökumət təşkilatlarının fəaliyyətini daha çox və daha mükəmməl işıqlandıran media orqanlarına üstünlük verdiklərini qeyd edib.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə çıxışında dövlətin vətəndaş cəmiyyətinin inkişafına yardım göstərdiyini, bu məsələni dövlətin siyasətində mühüm yer tutduğunu bildirib.

Qaliblərə mükafatları Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin komissiya sədri Rəbiyyət Aslanova, Mətbuat Şurasının sədri Əflatun Amaşov və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurasının sədri Vüqar Səfərli təqdim ediblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO