20 yaşlı «Təzadlar»ın baş redaktoru: “Kaş bu millət elə bir təpər göstərsin ki…”

Aprelin 14-də «Təzadlar» qəzetinin 20 yaşı tamam olur. «Təzadlar» 1993-cü ildə Xudu Məmmədov Xeyriyyə Cəmiyyətinin təsisçiliyi ilə nəşrə başlayıb. Otənzaman kəsiyində qəzetin nəşri bir müddət dayansa da, sonradan kollektiv “Təzadlar”ın fəaliyyətini bərpa edib.

20 ildir “Təzadlar”a rəhbərlik edən baş redaktor Asif Mərzili deyir ki, qəzetin keçdiyi yola nəzər salanda həm də Azərbaycanın son 20 illik tarixi vərəqlənir.

”Yubileylə bağlı bəzi hazırlıqlar aparmışıq. «Təzadlar» adlı kitab nəşrə hazırlanıb. Kitabın «Ön söz»ü dəyərli ziyalımız, ictimai xadim, Azərbaycanın əməkdar hüquqşünası, 20 ildir «Təzadlar»ın Redaksiya Heyətinin üzvü olan professor İlham Rəhimova məxsusdur. Professor indiyədək deyə bilmədiyi bəzi ürək sözlərini oxuculara çatdırıb. Kitabın redaktoru isə Azərbaycan MEA-nın sektor müdiri, fəxri prokurorluq işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Yaşar Əliyevdir… Onu da deyim ki, «Təzadlar» qəzetin 20 yaşına həsr olunsa da, ötən illər ərzində özümün siyasi aforizmlərim və digər yaradıcı yazılarım toplanıb… İnanıram ki, bu kitab qəzetin yubileyi ilə bağlı keçirəcəyimiz tədbirdə iştirak edən qonaqlarımıza-dəyərli ziyalılarımıza və oxucularımıza ən gözəl töhfə olacaq. Bundan əlavə, qəzetin yubileyi ilə bağlı “”Təzadlar”ın dostu» Xatirə Diplomu təsis edilib. 20 ildə bizə mənəvi dəstək olmuş 21 ən fəal oxucumuza bu diplomlar təqdim edəcəyik. Həmçinin «Təzadlar» kitabını… Ziyafət tədbirimiz də olacaq… Əsas odur ki, həmişə bəzilərinin qısqanclığına hədəf olmuş, başı üzərində həmişə soyuq küləklər əsmiş, qar-çovğun əskik olmamış, amma həmişə də özünün cəsarətinə çəkilmiş-fəaliyyət göstərmiş, gündəlik nəşr olunmuş bir qəzet 20 illik «uzun və incə» bir yolu qət edə bildi… Bizim üçün vacib olan budur… Bundan sonrasa isə sonranın işidir. Arzu edirəm ki, bu millət elə bir təpər göstərsin ki, “Təzadlar”ın 20 illik -“Qarabağı xilas etməyən xalqı Allah da xilas etməyəcək!” şüarı dəyişsin…”.

”Təzadlar”ın kollektivi bəzi vaxtlarda başı qalmaqallar çəkmiş qəzetin müxalifyönümlü mətbuat kimi qəbul edilməsinə belə münasibət bildirib:
“Biz hələ 1993-94-cü illərdə yazırdıq: «Haqq deyənə müxalifət deyirlər… Haqsan, Allah, sən də müxalifətsən???». Görünür elə kim haqqı deyirsə, ona müxalifət deyiləcək!”

Xatırladaq ki, qəzetin baş redaktoru A.Mərzili 2009-cu ildə keçmiş ABU rektoru, hazırda Fransada müvəqqəti məskunlaşmış Elşad Abdullayev şikayəti əsasında Yasamal rayon Məhkəməsinin (hakim Tahir İsmayılov) hökmü ilə məhkəmə zalından (Azərb. Res. CM-nin 147 və 148-ci maddələri ilə ittiham edilərək) həbs olunub. O zaman bütün müxalifət partiyaları, ictimai qurumlar, hüquq müdafiə təşkilatları bu hökmə qəti etiraz etdilər. Prezident İlham Əliyev də məhkəmənin bu hökmünü etirazla qarşıladı və jurnalistin yazıya və ifadə azadlığının pozulması ilə müşayiət edilən həbsinə təəssüfləndiyini açıqladı. Və iki gün sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm ləğv edildi, baş redaktor həbsdən azad olundu.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO