20 Yanvar şəhidləri hec vaxt unudulmayacaq və xatirələri yaddaşlardan silinməyəcəkdir

20 Yanvar şəhidləri hec vaxt unudulmayacaq və xatirələri yaddaşlardan silinməyəcəkdirAzərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Səbail Rayon İcra Hakimiyyəti 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirmişlər.
Mərasim iştirakçıları, əvvəlcə Şəhidlər xiyabanına gələrək Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını qurban verən qəhrəman Vətən övladlarının məzarlarını və şəhid türk əsgərlərinin Memorialını ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
Universitetin rektoru, professor Yusif Məmmədov demişdir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müvafiq Sərəncamına əsasən ölkəmizdə 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı təsdiq olunmuş tədbirlər planına əsasən respublikamızın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda anma mərasimləri keçirilir.
Natiq qan yaddaşımızda silinməz izlər qoymuş 20 Yanvar qırğınının səbəb və nəticələrindən danışmışdır.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirmişdir ki, keçmiş sovet rəhbərliyi və onların Bakıdakı havadarları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizdə dəhşətli cinayətlər törətmiş, günahsız qanlar tökmüşlər. O müdhiş gecə Vətənin azadlığının və müstəqilliyinin müdafiəsinə qalxmış silahsız insanlar təpədən-dırnağadək müasir silahlarla silahlanmış sovet qoşunlarının amansız vəhşiliyinin qurbanı olmuşlar. Bu təcavüz xalqımızın qan yaddaşına yazılmışdır. Erməni millətçilərinin hərəkətlərindən, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənərək Bakının küçələrinə və meydanlarına çıxıb buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələri yeridilmiş və bu, misli görünməmiş faciə ilə nəticələnmişdir. Xalqımızın dahi oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükəyə ataraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, rus imperiyasının əsl niyyətlərini bütün dünyaya bəyan etmişdir. Faciəyə hüquqi-siyasi qiymət yalnız ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra verilmişdir. İllər, əsrlər ötsə də 20 Yanvar günü heç vaxt unudulmayacaq, şəhidlərin xatirəsi yaddaşlardan silinməyəcəkdir.
Sonda tələbələr 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya, Bakı Oksford Məktəbinin şagirdləri isə tamaşa nümayiş etdirmişlər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO