20 Yanvar faciəsindən 20 il ötür

Bu il Azərbaycan xalqı 20 Yanvar faciəsinin 20 illiyini qeyd edəcək. Hər il olduğu kimi bu il də yaşadığımız qanlı tarixə nəzər salıb, nəticə çıxarmağa çalışacağıq. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtı Bakıda və Bakı ətrafında nələr baş verdi? Qeyd edək ki, 1988-ci ildən dünyada, keçmiş Sovetlər İttifaqında, eləcə də Azərbaycanda proseslər gözlənilməz məcrada inkişaf edirdi. Bu baxımdan xalqımız milli azadlığını, müstəqilliyini və ərazi bütövlüyünü təmin etmək üçün ayağa qalxdı.

Arzu Şirinova

Ancaq qaniçən sovet ordusu hər dəfə olduğu kimi bu dəfə də milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı dünyada görünməmiş vəhşiliklərə əl atdı. Məhz kütləvi torror nəticəsində yüzlərlə günahsız insan qətlə yetirildi və yaralandı. Bütün bunlar isə onsuz da totalitar rejimin süqutu ərəfəsində onun cinayətkar əməllərini dünyaya bir daha açıb göstərdi. Qeyd edək ki, sovetlər ordusunun xeyli hissəsinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi insanlığa yaraşmayan qəddarlıq və misli görünməmiş vəhşiliklə müşaiyət olunurdu. Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni, hətta o zamankı sovetlər ittifaqının müttəfiq respublikalarına-Gürcüstana, Azərbaycana da tətbiq etməkdən çəkinməyən kommunist diktaturası süqutunu bir qədər də tezləşdirdi. Həmin dövrdə isə Azərbaycan ikitərəfli zərbə alırdı.

Erməni “kursantlar” Bakıda

Azərbaycan xalqı bir tərəfdən Milli Azadlığı uğrunda mübarizə aparır, digər tərəfdən də Ermənistanın təcavüzkar əməllərinə cavab verməli olurdu. Sovet rəhbərliyi münaqişənin qarşısını almaq üçün nəinki tədbirlər görmür, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissəsində xidmət edən erməniləri, hətta erməni kursantları da daxil etmişdi. Azərbaycanın torpaqlarına göz dikən, xalqımızın hər an qanını içməyə hazır olan ermənilərin Bakıda hansı əməllər törətdikləri heç vaxt yaddaşlardan silinməyəcək. Zirehli texnikanı silahsız insanların üzərinə yeridən sovet ordusunun əsgər və zabitləri, eləcədə ermənilər uşaqlara, qocalara və qadınlara aman vermədən öldürür, sanki çoxdan gözlədikləri qisası alırdılar. Tanklar, zirehli transportyorlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər gözlərinə görünün bütün hər yanı amansızcasına atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular.

Psixoloji hazırlıq

Bəzi məlumatlara görə, Bakıya yeridilən qoşun kontingentinin sayı 60 min nəfərə yaxın olub. Onlara “döyüş tapşırığını” yerinə yetirmək üçün psixoloji hazırlıq keçiblər. Onlara bildiriblər ki, “sizi Bakıya rusları müdafiə etmək məqsədilə gətiriblər”. Onların uydurmalarına görə, yerli əhali rusları vəhşicəsinə məhv edir, “ekstremistlər” Salyan kazarmalarının ətrafındakı evlərin damlarında snayperlər yerləşdiriblər. Guya təkcə bu ərazidə 110 atəş nöqtəsi var və binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlılarıyla doludur. Guya ki, onlar Bakıya yeridilən ordunu güclü avtomat və pulemyot atəşinə tutacaqlar. Sovet imperiyasının rəhbərliyi, başda Mixail Qarboçov olmaqla Bakıda “rus və erməni kartından” çox məharətlə yararlandı. Yenə də onların uydurmalarına görə, guya rus və erməniləri, hərbi qulluqçularının ailələrini qorumaq, “millətçi ekstremistlər”in hakimiyyətin zorakılıqla ələ keçirməsinin qarşısını almaq üçün Bakıya qoşun göndərilib. Qeyd edək ki, bütün bu yalanların əsası yox idi. Çünki Bakıda hər hanısı təhlükə olsaydı belə, 60 min nəfərə yaxın əlavə ordunun göndərilməsinə ehtiyac duyulmurdu. Çünki həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qornizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri vardı.

Fövqəladə vəziyyətdən kimsənin xəbəri yox idi

Xatırladaq ki, 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi. Ancaq bütün bu faktlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorboçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19:27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, ölkə ərazisində televiziya verilişləri dayandırıldı. Həmin gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorboçovun fərmanı qüvvəyə minənədək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yanvarın 20-də saat 7:00-da respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Ancaq bir neçə gün ərzində öldürülənlərin sayının 137 nəfər, yaralananların sayının 800-dən çox olduğu bildirildi.

Öldürülənlərin əksəriyyəti dənizə tökülüb

Qeyd edək ki, o vaxtlar göstərilən rəsmi rəqəmlərin həqiqətə uyğun olmadığı da vurğulanırdı. Çünki deyilənə görə, qaniçən ordunun əsgər və zabitləri qətlə yetirdikləri insanların bir hissəsini də dənizə tökmüşdülər. Şahidlərin söylədiklərinə görə, sonradan dənizin ləpəsi ölənlərin cəsədini vuraraq sahilə çıxarmışdı. Ancaq həmin cəsədlərin gətirilərək Şəhidlər Xiyabanında dəfn olunmasına icazə verilməmişdi. Sovet rejimi ölənlərin sayının çox olmasından əndişələndiyi üçün bütün iyrəncliklərə əl atırdı. Hətta məlumatlara görə, öldürülən insanları quyular qazaraq oraya atır və üstünü bulduzerlə torpaqlayırdılar. Nəinki 19-dan 20-nə keçən gecə, eyni zamanda ondan sonrakı günlərdə də sovet ordusunun əsgərləri Bakıdı və Bakı ətrafında istədikləri özbaşınalıqlara yol verir, insanları qorxu altında saxlayır, onlara tabe olmayanları qətlə yetirirdilər. Məsələn, Sumqayıtın layihə instutlarının birində çalışan üç nəfər alim 20 yanvar faciəsindən bir neçə gün sonra işlə bağlı Bakıya gələrkən, Ceyranbatan gölünün yaxınlığında sovet tankı ilə üz-üzə gəlirlər. Sovet əsgərinin əmrinə tabe olmayan ziyalılar sonda faciə ilə qarşılaşırlar. Belə ki, ziyalıların əyləşdikləri maşın tankın tırtılları altında qalaraq əzilir, onlar həlak olurlar. Halbuki həmin ziyalılar vəzifə borclarını yerinə yetirmək üçün Bakıya tələsirdilər.

Qorbaçov mükafatlandırıldı

İnsanlığa sığmayan bütün bu hadisələrdən bir neçə il sonra Mixail Qorboçov Nobel sülh mükafatı qazandı. Sual olunur, hansı yaxşı əməllərinə görə, ona mükafat verilməliydi? Bəlkə Qorbaçov Azərbaycanda, Gürcüstanda, eləcə də digər ölkələrdə günahsız insanların ölümünə fərman imzaladığı üçün mükafatladırılmışdı? Halbuki əli yüzlərlə günahsız insanın qanına batmış Mixail Qorbaçov layiqli cəzasını almalıydı. Məhkəmə qarşısında cavab verməliydi. Xatırladaq ki, İraqın keçmiş prezidenti Səddam Hüseyn həm də günahsız insanların ölümündə günahlandırılaraq 2006-cı ilin dekabrın 30-da asıldı. Törətdiyi günahlara görə ondan heç də geri qalmayan Mixail Qorbaçovu da bu aqibət gözləməlidir. Təkcə Mixail Qorbaçov deyil, bu işlərdə əli olanların hamısı eyni aqibətlə üzləşməlidir. Bax onda dünyada ədalətin bərqərar olduğuna Azərbaycan xalqı inana bilər. Bunun üçün özümüz də əməli fəaliyyətə başlamalıyıq. Milli Məclisdə yenidən müzakirələr keçirib, Avropa Məhkəməsinə müraciət etməliyik. Sovet İmperiyasının başında duranların cəzalandırılması tələbini qoymalıyıq. Nə qədər ki, bu tələbləri qoya bilməyəcəyik, başımıza gətirilən müsibətlərə görə günahkarların cəzalandırılmasına nail olmayacağıq, Mixail Qorboçov kimilərin Nobel sülh mükafatı qazanmasına seyirçi münasibət bəsləyəcəyik, onda istənilən vaxt belə hadisələrlə üzləşə bilərik. Yəni müdafiə mövqeyindən çıxmağın, hücum möqeyinə keçməyin zamanı çoxdan gəlib.

“Qanunvericilik aktları qəbul olunsun”

Xatırladaq ki, Milli Demokratik Qüvvələr Birliyinə üzv olan partiyalar keçirdikləri son iclaslarında bu məsələylə bağlı bəyanat veriblər. Həmin bəyatda bildirilir: “MDQB hesab edir ki, bu faciələrin üstündən illər keçməsinə baxmayaraq hələ də qırğınları törədənlər, bu işdə əli olanlar lazımı cəzalarını almayıblar. Halbuki həm 20 Yanvar, həm Xocalı bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Beynəlxalq aləmdə belə bir təcrübə var ki, terror aktı və yaxud kütləvi qırğın həyata keçirən cinayətkarlar həmişə olmasa da, əksər hallarda layiqli cəzalarını alırlar. Cinayətkarın dünyanın harasında yaşamasından asılı olmayaraq onu tutub gətirirlər, bu da mümkün olmayanda müxtəlif vasitələrlə cinayətkarları zərərsizləşdirirlər. Ona görə də biz MDQB olaraq hökumətdən tələb edirik ki, 20 Yanvar və Xocalı faciəsində əli olanların cəzalandırılması üçün lazım olan qanunvericilik aktlarını qəbul etsin. Bu faicələri törədən insanlar ədalət məhkəməsinə cəlb olsunlar. Harada yaşamasından asılı olmayaraq onlar cinayət məsuliyyətinə cəlb edilməli və yaxud zərərsizləşdirilməlidir. Bunu etmək Azərbaycan dövlətinin, xalqının haqqı, hüququdur. Cinayətkar azadlıqda gəzdikcə onun yeni cinayət törətməyə meyli olur. Amma cinayətkarlar vaxtında cəzalarını alanda digərlərini də yeni cinayətlərdən çəkindirmək mümkün olur. Bütün bunları nəzərə alaraq biz cinayətkarların cəzalarını almaq mexanizminin işə salınması üçün qanunvericilik aktlarının qəbulunu vacib sayırıq”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO