145 azərbaycanlı tələbə RF büdcəsi hesabına Rusiyanın ali məktəblərində təhsil alacaq

Rusiya dövlət büdcəsinin hesabına dövlət təqaüdlərinin verilməsi proqramı çərçivəsində bu il 145 azərbaycanlı tələbə Rusiyanın ali məktəblərinə daxil olub. Trend xəbər verir ki, bunu gələcək tələbələrlə görüşdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

Səfir bildirib ki, bütün çətinliklərə baxmayaraq, Rusiyanın ali məktəbləri təhsildə yüksək standartları və layiqli beynəlxalq nüfuzunu qoruyub saxlaya bilir: “Azərbaycanda abituriyentlər tərəfindən Rusiyada təhsil almağa böyük maraq göstərilməsi bunun ən bariz nümunəsidir”.

O qeyd edib ki, Dövlət Statistikası Federal Xidmətinin məlumatına əsasən, 2014-cü ildə Rusiya universitetlərində dövlət və öz hesabına istənilən tədris növü üzrə təhsil alan Azərbaycan tələbələrinin ümumi sayı 13 min nəfər təşkil edib.

Diplomat bildirib ki, Rusiya azərbaycanlı mütəxəssislərin hazırlığı üzrə aparıcı xarici mərkəzlərdən biri olaraq qalır.

V.Doroxin qeyd edib ki, azərbaycanlı abituriyentlər arasında ən populyar şəhərlər Moskva, Sankt-Peterburq, Astraxan, Volqoqrad və başqaları olub: “Ən populyar hazırlıq istiqamətləri isə jurnalistika, linqvistika, filologiya, iqtisadiyyat, hüquqşünaslıq və tibb elmləri olub”.

Görüşdə gələcək tələbələrlə yanaşı, onların valideynləri də iştirak edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO