“Əkrəm Əylisli öz vətəninə, torpağına və xalqına xəyanət edib”- EKSKLÜZİV

Şamaxının millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanov Əkrəm
Əylislinin “Daş yuxular” romanı ilə bağlı KarabakhİNFO.com-a ekskluziv açıqlama verib. Açıqlamada deyilir:
“Həyatda elə məsələlər var ki, ölkə vətəndaşları ona biganə qala bilməz, vətənini, torpağını, xalqını sevən hər bir adam bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidir. Əkrəm Əylisli və onun “Daş yuxular” məsələsi də belə məsələlərdən biridir. Bu səbəbdən də Əkrəm Əylislinin “Daş yuxular” romanı Azərbaycan cəmiyyətində böyük etirazlar və kəskin reaksiyalarla müşayiət edilən geniş müzakirələrə səbəb olub. Odur ki, Əkrəm Əylisli və onun “Daş yuxular”ı ilə bağlı vətəndaş mövqeyi nümayiş etdirməyi vacib hesab edirəm.
Əkrəm Əylislinin “Daş yuxular” əsərinin ana xətti Azərbaycan xalqını təhqir etməkdən, onu XX əsrin əvvəllərində və sonunda erməniləri kütləvi şəkildə və qəddarcasına qətlə yetirməkdə suçlamaqdan, Azərbaycan xalqını qəddar və qaniçən toplum, erməniləri isə alicənab, yüksək əxlaqi və digər insani keyfiyyətlərə malik olan xalq kimi təqdim etməkdən, İslam dininə qarşı hörmətsizlik nümayiş etdirərək yolverilməz formada onu aşağılamaqdan, bunun müqabilində isə əsər boyu erməni kilsəsini tərənnüm etməkdən ibarətdir. O, bu böhtandolu romanı ilə ermənilərin silahlı təcavüzü nəticəsində 1 milyon azərbaycanlının pozulmuş hüquqlarının bərpasına mane olur və Dağlıq Qarabağ probleminin həllinə onsuz da məhəl qoymayan beynəlxalq təşkilatlara kömək etməklə əslində ermənilərə xidmət edir.
Əkrəm Əylisli riyakarcasına “Daş yuxular”ın ermənilər və azərbaycanlılar arasında barışığa xidmət edəcəyini vurğulayır. Lakin o, bu yazı ilə Dağlıq Qarabağ işğaldan azad edildikdən sonra belə, ermənilər və azərbaycanlıların birgə yaşayış imkanlarına ciddi zərbə vurduğunu, Azərbaycan xalqına qarşı nifrət təbliğ etməklə öz məqsədinə çatdığını gözəl başa düşür. Görəsən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanıldığı bir zamanda “azərbaycanlılarla ermənilərin birgə yaşamağının mümkünsüzlüyü” toxumlarını səpələyən Əkrəm Əylisli öz ana vətəninə, öz ana torpağına, onu boya-başa çatdırmış və həyatı boyu onun bütün nailiyyətlərini təmin etmiş Azərbaycan xalqına qarşı yağdırdığı saxtakarlıq, böhtan və həqarətlərin XƏYANƏTKARLIQ olmasının mahiyyətinə varırmı? Bəli, Əkrəm Əylisli Azərbaycan xalqına qarşı xəyanət edib, bunun başqa adı yoxdur.
Şübhəsiz ki, Əkrəm Əylislinin Azərbaycan cəmiyyətinin və dövlətinin verdiyi bütün imkanlardan yararlanmış, həyatının böyük bir hissəsini başa vurmuş bir şəxs kimi öz xalqını təhqir etməsi, ona xəyanət etməsi, tarixi faktları saxtalaşdırması təsadüfi ola bilməz. Odur ki, belə bir addımın atılması yalnız və yalnız düşünülmüş və uzağagedən bir planın tərkib hissəsi olduğu aydın olur. Bunu son zamanlar ölkə ictimaiyyətinin kəskin reaksiyası ilə üzləşən Əkrəm Əylislinin müxtəlif bəhanələrlə “belə getsə ölkəni tərk edəcəyi” kimi bəyanatları da sübuta yetirir.
Əkrəm Əylislinin davranışı göstərir ki, Əkrəm Əylisli əvvəlcədən ermənilərlə işbirliyinə girib, ona böyük təminatlar, xaricdə sığınacaq alaraq qayğısız həyat şəraitinin yaradılması, erməni lobbisinin imkanlarından istifadə edərək gələcəkdə Nobel mükafatının verilməsinə nail olunması kimi görünür vədlər verilib. Hətta bu əsər əsasında filmin çəkilməsi və Oskar mükafatına təqdim edilməsi planları da mövcuddur. Belə ki, İnternet KİV-də verilən məlumatlara əsasən ermənilər Əkrəm Əylislinin “Daş yuxular” əsəri əsasında filmin çəkilməsi üçün qısa bir zamanda 4 milyon dollardan artıq maliyə toplayıb. Diqqəti çəkən məqam ondan ibarətdir ki, ermənilər həmişə bizdən fərqli olaraq Azərbaycana və azərbaycanlılara qarşı məsələlərdə həmrəylik və birlik nümayiş etdirirlər. Odur ki, onların filmin çəkilməsi üçün istənilən məbləğdə ianə yığacaqları inandırıcıdır.
Əfsuslar olsun ki, belə vacib məsələlərdə azərbaycanlılar arasında nəinki həmrəylik və birlik nümayiş etdirilmir, hətta bir çox qüvvələr bundan öz maraqları kimi istifadə etməyə cəhd göstərirlər. Buna misal olaraq, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə son məruzəsini göstərməyi vacib hesab edirəm. Məruzədə, ilk dəfə olaraq, Dağlıq Qarabağ münaqişəsinə xüsusi bölmə həsr edilib, Azərbaycanın ərazi bütövlüyü, Ermənistanın Azərbaycana qarşı hərbi müdaxilə etməsi, torpaqlarımızın 20%-inin hərbi işğalı, 1 milyona yaxın insanların qacqın və köçkün olması kimi müddəalar göstərilib. Bu səbəbdən erməni lobbisi həmməruzəçilər Pedro Aqramunta və Debono Qrekə qarşı ciddi kampaniyalar aparırlar. Belə bir vəziyyətdə Azərbaycanda da bir sıra qüvvələr milli maraqlara məhəl qoymadan həmməruzəçiləri guya başqa məsələlərdə qeyri-obyektivlikdə günahlandırırlar. Məsələn, bəzi siyasi partiyaların, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri öz korporativ maraqlarından çıxış edərək faktiki olaraq ermənilərə qoşulmaqla beynəlxalq təşkilatların qarşısında həmməruzəçilərin istefası tələbini qaldırmaq üçün ölkəmizdə imza toplama kampaniyasına başlayıblar. Həmin insanlar bununla da, təbirincə desək, ermənilərin dəyirmanına su tökürlər və erməni təbliğat maşınının bir hissəsinə çevrilirlər.
Maraqlıdır ki, Əkrəm Əylisli və onu müdafiə etməyə çalışanlar və qüvvələr “Daş yuxular” əsərinin müəllifinin fikir və ifadə azadlığının olduğunu bildirirlər. Həmin insanlar başa düşmək istəmirlər ki, fikir və ifadə azadlığının hüdudları sonsuz deyil, bu azadlıqlar müəyyən çərçivədə qeyri məhdudiyyətsiz həyata keçirilə bilər, bu azadlıqlar digərlərinin hüquq və azadlıqlarının pozulması və onların təhqir edilməsi hesabına reallaşdırıla bilməz. Odur ki, Əkrəm Əylislinin Azərbaycan xalqını təhqir etməsinin, ona xəyanət etməsinin fikir və ifadə azadlığı ilə heç bir əlaqəsi yoxdur.
Əkrəm Əylislinin havadarları bilməlidirlər ki, onun xəyanətini ölkəmizdə olan bəzi çatışmazlıqlarla müqayisə edib əlaqələndirmək cəhdləri böyük faciədir və bu, müxtəlif bəhanələrlə cəmiyyətdə başqa fikir formalaşdıranlara şərəf gətirmir.
Digər tərəfdən, fikir və ifadə azadlığından dəm vuran Əkrəm Əylislinin və onu müdafiə etməyə çalışanların Azərbaycan cəmiyyəti nümayəndələrinin reaksiyasının xüsusi təşkil edilmiş kampaniya olması kimi iddiaları gülüncdür, onlar öz məntiqsiz fikirləri ilə xalqı təhqir edirlər, guya bu xalq hər cür təhqirə, alçalmaya və xəyanətə biganədir. Belə ki, özünün fikir və ifadə azadlığı olduğunu iddia edən Əkrəm Əylisli digərlərinin də fikir və ifadə azadlığı olması faktını qəbul etmir, buna dözümsüzlük göstərir. Bu isə bir daha Əkrəm Əylislinin özünü demokratik düşüncə tərzinin daşıyıcısı kimi təqdim etmək istəyinin riyakarlığın təcəssümü olduğunu sübuta yetirir. Odur ki, müxtəlif üsullarla öz maraqlarını təmin etmək üçün Əkrəm Əylislinin müdafiəsinə qalxanları öz vicdanlarının mühakiməsinə buraxıram. Onlar bilməlidirlər ki, Əkrəm Əylisli anasına, vətəninə, torpağına xəyanət edib. Unutmaq olmaz ki, biz vətənimizə, torpağımıza sonsuz sevgimizi bildirmək üçün ona ana vətən, ana torpaq deyirik. “

KarabakhİNFO.com

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO